Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
1949-cu ildə Karalin Şrodes öz doktorluq dissertasiyasında biblioterapiyanın psixoloji əsaslarını qeyd edir. Şordesə görə biblioterapiya aşağıdakı anlayışlara əsaslanır:
Özünü obraz və hadisələrlə eyniləşdirmək. (Məs: ” Anna Karenina mənə çox oxşayır, eynən məndir!” və ya “bu tip şey mənim də başıma gəlmişdi!”)
İdentifikasiya latınca identificare- müəyyənləşdirmək, müəyyən etmək mənasını verir, sosiallaşmanın vacib mexanizmlərindən biridir. Fərdin qrupa daxil olarkən sosial rolunu qəbul etməsində, qrupa aidliyin dərk olunmasında, sosial yönəlişlərin formalaşmasında özünü göstərir (“mən necə adamam?”).
İdentifikasiya iki cür ola bilir: daxili və xarici.
Əgər, oxucu özünü qəhrəmanın yaşı, cinsi, milli kimliyi, sosial vəziyyəti və s. ilə eyniləşdirirsə bu onun başqasının şəxsi həyat təcrübəsi üzərindən özünü zənginləşdirmək imkanının məhdud olduğunu göstərir.
Bir insanın mütaliə mədəniyyəti nə qədər yüksəkdirsə, onun üçün daxili tərəflər, qəhrəmanlar və müəlliflər ilə mənəvi əlaqələr daha vacib xarakter kəsb edir.
Öz hisslərinə konsentrasiya olmaqla özünün fikir və həyəcanlarını qiymətləndirmək, analiz etmək.
Bu hissədə qəhrəmana qarşı empatiya, antipatiya duymağımız da vacib rol oynayır. (Məs: “Anna Karenina əriylə mübahisə edəndə mən də onun qəzəbini duyurdum”, “qəhrəman meşədə gedərkən mən də qorxu hiss edirdim”) Adətən, xarici ədəbiyyatda bu hissə katarsislə eyniləşdirilir.
Bu nöqtədə hisslərimizi analiz etməyimizə kömək edəcək bəzi suallarla özümüzü (başqasını, və ya kimsə bizi) yönləndirmək olar:
— Siz bu (diqqətinizi çəkən hər hansı bir) hissəni oxuyarkən hansı hissləri keçirirdiz?
— Təsəvvür edin ki, hadisələri kənardan izləyirsiz, sizinlə nə baş verir/nə hiss edirsiz?
— Bu qəhrəmanın yerində olsan nə hiss edərdin? və s.
Oxu prosesi zamanı fantaziyalar oyanaraq həyatda yaşanan məqamlarla assosiasiyalara çevrilir, nəticədə oxucunun emosional gərginliyi artır. Təmizlənmə, ruhun yüksəlişidir. Aristotelə görə, faciə, qorxu, qəzəb, şəfqət, izləyicinin ruhi həyəcanını artırır və nəticədə onu “təmizləyir”
(Məs: “Sonda Anna Karenina özünü qatarın altına atanda, bu, mənim üçün son damcı oldu, şırıl-şırıl ağlamağa başladım, bu real həyatdakı bütün romantikliyim, tənhalığım, ümidsizliyimlə bağlı idi”).
Oxucu obrazla özünün arasındakı əlaqəni başa düşür və real həyatdakı şəxsi problemlərlə daha effektiv mübarizə aparmağın yollarını düşünür. Bu nöqtədə öz həyatında nəyi dəyişməli olduğun haqqında müəyyən qədər aydın bir təsəvvür əldə edirsən.
(“bəs sən olsaydın nə edərdin?” və ya gələcəkdə bu tip hallarda nə etməyi düşünürsən?”
məs: “mən başa düşdüm ki, dəyər verdiyimiz bir insanla hə hansı mövzuda narazılığım varsa bunu öz daxilimdə saxlayıb özümü incitmək əvəzinə danışaraq çözməyə çalışa bilərəm.” və s.