Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
«Fürsət düşdükcə kitabla terapiyanı ictimaiyyət arasında daha çox tanıtmaq üçün qrant müsabiqələrində layihələrimə mövzu edirdim. Bu minvalla müxtəlif regionlarda məktəblilərlə, müəllimlərlə, ali təhsil müəssəsiələrinin tələbələri ilə görüşlər edir, sosial çarxlar hazırlayırdıq.
İndi Kitabla Terapiya Psixoloji İnkişaf Proqramı PİMD İB-nin daxilində özünəməxsus bir yerə malikdir. Əsas missiyamız cəmiyyətin təhsil, sağlamlıq, sosial və mədəniyyət sferalarına nüfuz edən Kitabla Terapiya platformalarını yaratmaqdır.»
Kamil Həmidov
Psixoloq-biblioterapevt
Kitabla terapiya 2018-ci ilin avqust ayından etibarən həyata keçirilən proqram xarakterli layihədir.
İlk missiya: Sınaq və terapevtik mühit formalaşdırmaq
“2017/2018-ci tədris ilində Bakı Dövlət Universitetində psixologiya ixtisasında təhsil alan tələbələrə “Psixoanaliz” fənnini tədris edirdim. Tələbələrimə üsulu daha çox praktik və əyani formada başa izah etmək üçün yollar axtarırdım. Və ağlıma kitablar, bədii əsərlər gəldi. Psixanalzin mahiyyəti problemin özəyinin “dərinliklərdə” axtarılaraq üzə çıxarılmasının üzərində qurulduğundan və klassik bədii əsərlərin də “dərin” məzmunlu olmasından vasitə olaraq istifadə etməyə qərar verdim.
Tələbələrə Kafka və Kamyunun əsərlərini oxumağı tapşırdım. Müzakirə zamanı isə Lyuşerin emosional sferanı ölçən testinin Etkind modifikasıyasını tətbiq etdik. Rənglərin, şəxsi həyatların önəmli insanlarının və obrazların assosasiyalarını quraraq dərinliklərə enib ordan bir şeylər üzə çıxarmağa çalışdıq.
Qəribə idi, ekspromt işlətdiyimiz texnika işimizə yararlı çıxmışdı. Sonra mən o zamankı ustadım psixiatr-psixoterapevt Əliağa Həsənova yaxınlaşdım. Müəllimimin 40 illik qrup terapiyaları təcrübəsi ilə sözləri mənə yol göstərici ola bilərdi. O, bu üsulun biblioterapiya olduğunu, hətta uzun illər öncə rusdilli qruplarında işlətdiyini, Riçard Baxın “Qağayı” povestini müzakirə üçün tövsiyyə etdi.
Beləcə, biblioterapiya metodunu o zamandan kəşf etdim. Haqqında məlumatlar, tətbiq etmək üçün vəsaitlər taparaq oxumağa başladım.
Bir müddət sonra tələbələrimdən biri Turan Balaşzadə ilə rastlaşdım. O da digər tələbə dostu Muxtarla instagramda profil yaratdıqlarını söylədi. Onlara kitab bloggerliklərini birgə işə sərf etməyə dəvət etdim. Zatən mən qrupşəkilli kitablaterapiyaları növbəti tədris ilindən davam etdirəcəkdim.
Sosial şəbəkələr üzərindən elanlar verərək oxucuları toplamağa, biblioterapevtik müzakirələrə başlamağa qərar verdik. 4 nəfərlə başladıq: Mən, Turan, Muxtar və Samir.
İlk vaxtlardan indiyə kimi bizə məkan dəstəyini əsirgəməyən dostlarımızı hər zaman xatırlayırıq: Kamal Tədris Mərkəzi, Kitab Çapı mətbəəsi, S.Vurğunun ev muzeyi, Erbi book cafe, BELC Tədris Mərkəzi, BookZone, Mənbə Tədris Mərkəzi, iş adamı Adəm müəllimin Nizami küç. 92-dəki kiçik məkanı.
Turan posterləri hazırlayırdı. Muxtar gəlmək istəyənlərə pdf-lər göndərir, qrupa əlavə edirdi. Samir gələnlərlə mütəmadi maraqlanır, kommunikasiyanın aktivliyini saxlayırdı. Mən isə terapevtik prosesin özünü apara və gedişatı idarə edirdim.
Mən eyni zamanda gənclərlə bağlı ictimai birlik təsisçi kimi ictimai prosesləri də izləyirdim və işləri bu məsuliyyətimdən doğan məqamlarla əlaqəndirməyə çalışırdım. Bu zaman ikinci missiya yaranmağa başlayır: Gəncləri virtual platformalardakı dağıdıcı qüvvələrin təsirindən canlı, faydalı müzakirə platformasına çıxarmaq.